Dr. Zivər Hacıyeva Almaniyada ixtisaslaşmış həkim–nevroloqdur. O, tibb təhsilini Türkiyə və Almaniyanın nüfuzlu universitetlərində aldıqdan sonra, uzun müddət Almaniyanın Berlin, Halle(Salle), Göttingen, Drezden kimi şəhərlərinin universitet xəstəxanalarında ümumi nevrologiya, təcili yardım, reanimasiya şöbələrində çalışmışdır. Praktik fəaliyyəti zamanı müxtəlif nevroloji problemlərin müalicəsi, MS və Parkinson xəstəlikləri, eləcə də, psixatriya-geriatriya (yaşlı xəstələrin nevrologiyası) üzrə iş təcrübəsi əldə etmişdir. Dr. Z. Hacıyeva nevrologiya sahəsində özünü yalnız peşəkar klinik-həkim kimi deyil, həm də uğurlu alim kimi də göstərmişdir. Onun apardığı tədqiqatların nəticələri yüksək reytinqli beynəlxalq jurnallarda dərc olunmuş və nevrologiya sahəsinin inkişafına öz töhvəsini vermişdir. O, Almaniya Beynəlxalq Akademik Şəbəkəsinin (German Academic İnternational Network) üzvüdür.
Dr. Hacıyeva Almaniyanın Göttingen şəhərində doktorluq dissertasiyasını ən yüksək qiymət sayılan “Summa cum Laude” ilə müdafiə etmişdir. O, bir çox beynəlxalq təqaüdlərə, o cümlədən, karyerasını ABŞ-da klinisist-alim kimi davam etdirməyə imkan verən Almaniya Tədqiqat Fondu tərəfindən (DFG) Walter Benjamin Təqaüdünə layiq görülmüşdür.
Nevroloq-həkim olmaqla yanaşı, Dr. Hacıyeva sertifikatlı Ayurveda həyat və sağlamlıq təlimçisi və nutrisioloqdur. Peşəkar klinik bacarıqlar, elmi təcrübələrlə alternativ tibbi biliklərin unikal uzlaşdırılması Dr.Zivər Hacıyevaya müraciət edən pasiyentlərin problemlərinə kompleks şəkildə yanaşmağa imkan verir.
Dr. Haciyeva hal-hazırda Almaniyanın Konstans şəhərində nevrologiya üzrə aparıcı həkim-mütəxəssis olaraq fəaliyyət göstərir.